Fransalı mərkəz müdafiəçisi Rafael Varan futbolçu karyerasına 31 yaşında xitam verdiyini ictimaiyyətə rəsmən açıqlayıb.
Arena.az məlumat verir ki, Varan bu barədə özünün sosial şəbəkə hesabları üzərindən bəyanat yayıb.
Xatırladaq ki, Varanın son klubu bu ilin yayında azad agent qismində qoşulduğu “Komo” olub. Ulduz müdafiəçi İtaliya klubunda ilk oyununda ciddi zədə alaraq cari mövsümün sonuna qədər sıradan çıxıb.
Sonradan məlum oldu ki, “Komo” Varanı İtalya A Seriyasında mövsüm üçün iştirak ərizəsindən kənarlaşdırıb. Varan “Komo” üçün cəmi 23 dəqiqə oynayıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Rafael Varan futbola “Hellemyes” klubunda qədəm qoyub, buradan “Lans”a yol taparaq böyük futbolda debüt edib. “Lans”da oyunu ilə diqqət çəkmiş fransalı müdafiəçini “Real” 2011-ci ilin iyulunda öz heyətinə qatıb. 2021-ci ilin iyulunda isə “Mançester Yunayted” Varanı “qaymaqlılar”dan satın alıb. Cari ilin iyulunda “Komo”ya keçmiş Varan məlum zədəsindən sonra butslarını asılqandan asmağa qərar verib.
Futbolçu karyerası ərzində Varan klub səviyyəsində yaşıl meydanlarda 480 oyun keçirib, 21 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Rafael Varan 2013-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 93 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
Rafael Varanın qənimətlər muzeyində “Real”la İspaniya La Liqası (3 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (3 dəfə), Çempionlar Liqası (4 dəfə), UEFA Super Kuboku (3 dəfə), FIFA Klub Dünya Kuboku (4 dəfə) və “Mançester Yunayted”lə İngiltərə Kuboku və İngiltərə Liqa Kuboku var. Fransa yığması ilə Varan DÇ-2018-in və UEFA Millətlər Liqasının (2021) qalibi olub.



