Rafael Varan: “Karyeramı MY-də bitirmək istəyirdim”

Fransa yığmasının keçmiş müdafiəçisi Rafael Varan futbolçu karyerasını “Mançester Yunayted”də bitirmək istədiyini etiraf edib.

Arena.az “Ekip” nəşrinə istinadən məlumat verir ki, Varan “qırmızı şeytanlar”ın düşərgəsində onunla hesablaşmadıqlarını anlayaraq, “Komo” ilə müqavilə imzalamağa qərar verib.

“Mançester Yunayted”dəki son mövsümün əvvəlində artıq öz-özümə demişdim ki, futbolçu karyeramı orada bitirmək, bu macəramı bir azacıq da uzatmaq istəyirəm. Bu, baş vermədi, yay isə çox doluğun idi. Mən xüsusi bir məqam arayıb-axtarırdım və “Komo”nu belə tapdım. “Mançester Yunayted”lə İngiltərə Kubokunu qazanmışdım, amma klubun layihəsinin mənə uyğun olmadığını artıq bilirdim.

“Komo” gözəçarpan bir layihə idi, qeyri-adi və ya maliyyə cəhətdən cəlbedici deyildi, amma insani baxımından mənalı idi və hələ də belədir, buna görə də mən onların yanında qalmağa hazırlaşıram. Mən həm də həftədə yalnız bir dəfə oynamaq istəyirdim. Mövsümöncəsi hazırlıqdan sonra ailəm İtaliyaya mənim yanıma gəlməli idi, amma iyulun 11-də zədələnəndə dərhal başa düşdüm ki, hər şey bitib. Mən özümə arxayın idim, çünki bunu qabaqcadan görürdüm”, deyə Varan bildirib.

Xatırladaq ki, Rafael Varan cari ilin sentyabr ayının sonunda futbolçu karyerasına 31 yaşında xitam verdiyini ictimaiyyətə rəsmən açıqlayıb.

Rafael Varan futbola “Hellemyes” klubunda qədəm qoyub, buradan “Lans”a yol taparaq böyük futbolda debüt edib. “Lans”da oyunu ilə diqqət çəkmiş fransalı müdafiəçini “Real” 2011-ci ilin iyulunda öz heyətinə qatıb. 2021-ci ilin iyulunda isə “Mançester Yunayted” Varanı “qaymaqlılar”dan satın alıb. Cari ilin iyulunda “Komo”ya keçmiş Varan məlum zədəsindən sonra butslarını asılqandan asmağa qərar verib.

Futbolçu karyerası ərzində Varan klub səviyyəsində yaşıl meydanlarda 480 oyun keçirib, 21 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rafael Varanın qənimətlər muzeyində “Real”la İspaniya La Liqası (3 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (3 dəfə), Çempionlar Liqası (4 dəfə), UEFA Super Kuboku (3 dəfə), FIFA Klub Dünya Kuboku (4 dəfə) və “Mançester Yunayted”lə İngiltərə Kuboku və İngiltərə Liqa Kuboku var. Fransa yığması ilə Varan DÇ-2018-in və UEFA Millətlər Liqasının (2021) qalibi olub.