Bu yay “Mançester Yunayted”dən ayrılan Fransa millisinin sabiq müdafiəçisi Rafael Varan yeni mövsümdə “Komo”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
31 yaşlı futbolçu yeni klubu ilə azad agent statusunda 2+1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Rafael Varan 2021-ci ilin avqust ayından Mançester klubunda çıxış edirdi. O, ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər çərçivəsində 30 oyun keçirib və 1 qol vurub. Varanın “Mançester Yunayted” karyerası bütövlükdə 95 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.
Varan daha öncə “Real” və “Lans” klublarında forma geyinib. Onun futboldakı əsas uğurları da məhz İspaniya klubu ilə bağlıdır. Rafa Madrid nəhənginin heyətində çoxsaylı titullara sahib çıxıb, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Varan 2013-cü ilin mart ayında debüt etdiyi Fransa milli komandasında 93 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, yığmanın heyətində DÇ-2018-in qalibi olub.
“Komo” iraqlı sol vinger Ali Jasimi də heyətinə qatıb. 20 yaşlı futbolçu da İtaliya klubu ilə azad agent kimi 3 illik müqavilə bağlayıb. O, karyerası ərzində “Əl-Naft”, “Əl-Karx”, “Əl-Şorta”, “Əl-Qasım”, “Əl-Kəhrəba”, “Əl-Quva” və “Antalyaspor” kimi klublarda da çıxış edib.
“Komo” “Frozinone”nin mərkəz yarımmüdafiəçisi Luka Massitellini də icarəyə götürüb. 28 yaşlı italyan futbolçu qarşıdakı mövsümün sonuna kimi A Seriyası təmsilçisində çıxış edəcək. “Roma”nın yetirməsi olan futbolçu karyerası ərzində “Südtirol”, “Breşiya”, “Sassuolo”, “Cenoa”, “Virtus Entella”, “Piza”, “Montsa” kimi klublarda, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Komo” iki futbolçusunu da icarəyə verib. 25 yaşlı italyan müdafiəçi Marko Kurto qarşıdakı mövsümün sonuna kimi “Çezena”da icarədə olacaq. Avstriyadan olan 23 yaşlı forvard – Marlon Mustafa isə Almaniyanın “Qroyter” klubuna keçib. O da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.