Fransalı müdafiəçi Rafael Varan “Komo”ya keçidi ilə bağlı aparılmış danışıqlarda komandanın baş məşqçisi Sesk Fabreqasın rolundan danışıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, Varanın ispan mütəxəssisin müvafiq xüsusda rolu haqda fikrini təqdim edir:
“Aydındır ki, Sesk bu məsələdə çox vacib fiqur idi, amma bu, yeni çağırışdır, yeni liqadır. Belə demək mümkünsə, mənim bura gəlməyim üçün bütün xüsuslar vardı.
Onunla əsasən futboldan danışmışdıq. Onun fəlsəfəsini, təklif etdiyi fikirləri bəyəndim. Fabreqas qalib gəlməyi sevənlərdəndir”, deyə Varan vurğulayıb.
Xatırladaq ki, “Komo” 2003-cü ildən bəri ilk dəfə olaraq İtaliya A Seriyasında oynayacaq. İspan mütəxəssis Sesk Fabreqasın çalışdırdığı kollektiv nəhənglərə qafa tutmağa iddialıdır.
Bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılmış Rafael Varan “Komo” ilə 2+1 illik müqavilə imzalayıb. O, 2021-ci ilin avqust ayından Mançester klubunda çıxış edirdi. 31 yaşlı futbolçu ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər çərçivəsində 30 oyun keçirib və 1 qol vurub. Varanın “Mançester Yunayted” karyerası bütövlükdə 95 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.
Varan daha öncə “Real” və “Lans” klublarında forma geyinib. Onun futboldakı əsas uğurları da məhz İspaniya klubu ilə bağlıdır. Rafa Madrid nəhənginin heyətində çoxsaylı titullara sahib çıxıb, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Varan 2013-cü ilin mart ayında debüt etdiyi Fransa milli komandasında 93 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, yığmanın heyətində DÇ-2018-in qalibi olub.