Rafinya Avropa böyük futbol beşliyində ən səmərəli futbolçudur

“Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya Avropa böyük futbol beşliyi ölkələrinin futbolçuları arasında ən səmərəlisidir.

Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Rafinyanın hesabında cari mövsümdə 22 səmərəli fəaliyyət var. Braziliyalı hücumçu cari mövsümdə 12 qol vurub və 10 məhsuldar ötürmə verib. Bu göstərici Avropanın böyük futbol beşliyi futbolçuları arasında ən yaxşı nəticədir. Belə ki, hazırda braziliyalı vinger hər iki müvafiq göstərici üzrə ikirəqmli nəticə göstərmiş ilk və yeganə futbolçudur.

Xatırladaq ki, Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 16 oyun keçirib, 12 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 103 oyun, 32 qol və 35 məhsuldar ötürmədən ibarətdir.

Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 29 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: