“Barselona”nın vingeri Rafinya İngiltərə Premyer Liqası klublarının hədəfində olmasına rəğmən, Kataloniya klubunu tərk etmək istəmir.
Arena.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, braziliyalı vinger “Barselona”dan mümkün transfer imkanları haqqında düşünmür.
Onun əsas məqsədi komandada mövqeyini möhkəmlətmək və Xavinin rəhbərliyi altında çalışmaqdır. Futbolçu inanır ki, “blauqrana”nın heyətində tərəqqi edərək, tədricən komandada əsas rol sahibinə çevrilə bilər.
Həmçinin bildirilir ki, Rafinya və onun ətrafı İngiltərə Premyer Liqasına mümkün keçid imkanlarını baxışdan keçirməyəcəklər.
Cari mövsümdə Rafinya “Barselona”nın heyətində 49 oyunda meydana çıxaraq 10 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı vinger komandaya ötən ilin yayında qoşulub. Rafinyanın “Barselona” ilə müqaviləsi 2027-ci ilin İyununa qədərdir.
Futbolçunun təxmini qiyməti “Transfermarkt” internet-portalı tərəfindən 50 milyon avra məbləğində dəyərləndirilir.