“Barselona”nın cinah hücumçusu Rafinya futbolçu karyerası ərzində qarşılaşdığı fasdlardan və çətinliklərdən söhbət açıb.
Arena.az ESPN portalına istinadən, braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Əgər sən çox çalışır və futbolçu karyerasını qurmaq istəyirsənsə, təslim olmamalısan. Mənim bundan vaz geçmək, futbolu tərk etmək və həyatıma davam etmək üçün bir çox səbəblərim vardı. Bu, səni məhv edən bir peşədir.
Evə gəldiyim zaman səhər məşqə gedəcəyimi bilmədiyim vaxtların olub. Mən ağlayırdım, “Barselona”da da belə hallar olub. Psixoloqla işləyirəm, çünki bunun nə qədər vacib olduğunu anladım. Hər kəs bunu etməlidir, çünki bu, çox kömək edir.
Özünə qayğı göstərməsən, futbol səni məhv edər. Düşkünlüyə uğramaq və hər şeydən imtina etmək çox asandır”, deyə braziliyalı oyunçu vurğulayıb.
Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə Rafinya İspaniya nəhənginin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Rafinya “Barsleona” üçün 4 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 91 oyun, 23 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Rafinya “Barselona” ilə 2022/2023-cü illər mövsümü İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.
Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 27 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


