Rafinya – La Liqada avqust ayının ən yaxşı oyunçusu

“Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya İspaniya La Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.

Vurğulayaq ki, Rafinya “blauqrana” ilə La Liqada avqust ayında 4 oyun keçirib və hamısında qələbəyə sevinib. Kataloniya təmsilçisi “Valensiya” (2:1), Bilbao “Atletik”i (2:1), “Rayo Velyekano” (2:1) və “Valyadolid”lə (7:0) oyunlarda 13 qol vurub, cəmi 3 qol buraxıb.

Braziliyalı oyunçu da bu görüşlərdə 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Barselona” La Liqanın yeni mövsümündə 4 turdan 12 xalla yarış cədvəlinin vahid lideridir.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 4 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 91 oyun, 23 qol və 28 məhsuldar ötürmədən ibarətdir.

Rafinya “Barselona” ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 27 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, buna qədər “Barselona”nın baş məqşçisi Hansi Flik də avqust ayının ən yaxşı baş məşqçisi adını qazanmışdı. Həm Flik, həm də Rafa karyerasında ilk dəfə bu mükafata layiq görülüblər.