Rafiq Hüseynov Buxarestdəki uğursuzluğa aydınlıq gətirdi

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin ən təcrübəli üzvü Rafiq Hüseynov Avropa çempionatındakı çıxışını dəyərləndirib.

Arena.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 4-cü dəfə Avropa çempionu olmaq üçün Rumıniyaya yollansa da, son anda aldığı zədə uğur qazanmasına imkan vermədi.

3 qat Avropa çempionu bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

“Bakıda keçirilən yoxlama görüşləri zamanı boynumdan zədələndim. Ancaq o zaman güclü ağrı yox idi. Hər şey normal idi, dözmək olardı. Buxarestdəki məşqdə həmin zədə ciddi ağrı verdi. Ondan sonra əllərimi hiss eləmirdim. Bakıda MRT-dən keçdikdən sonra əməliyyata ehtiyac olub-olmadığı bilinəcək”.

Xatırladaq ki, Rafiq Hüseynov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının 1/8 finalında türkiyəli Alperen Berberə uduzub – 1:7. Rəqib finala yüksəldiyi üçün millimizin ən təcrübəli üzvü təsəlliverici görüşə çıxıb. Hüseynov gürcüstanlı Gela Bolkvadzeylə güləşib və ona da 0:9 hesabıyla uduzub.