Yunan-Roma güləşi üzrə üçqat Avropa çempionu Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdəki uğurunu şərh edib. Arena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamız bu gün vətənə dönüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlər önünə çıxan Rafiq Hüseynov bunları söyləyib:
“Əlbəttə, təəssüratlarım yüksək səviyyədədir. Bu uğura imza atdığım üçün çox sevinirəm. Azərbaycan xalqını və doğmalarımı sevindirdiyim üçün şadam. Həm özümə, həm də komanda yoldaşlarıma görə sevinirəm.
Heyətimizin 70 faizi gənc güləşçilərdən ibarətdir. Veteranlar öz sözlərini dedilər. Ancaq gənclər də bizdən geri qalmadı. Sevinirəm ki, güləşimiz əmin əllərdədir. Karyeramızı bitirdikdən sonra gənclər yolumuzu layiqincə davam etdirə biləcəklər.
Əlbəttə, komandanın heyəti tam oturuşub. Bilirsiniz ki, qarşıda bizi mötəbər yarışlar gözləyir. Bunlardan da ən önəmlisi komanda yarışı olan Dünya Kubokudur. Bu üzdən bizim üçün heyətin oturuşması lazımdır. Fikrimcə, komanda artıq hazır vəziyyətdədir. Bu nəticələr göstərir ki, cənab Prezidentin səyi nəticəsində federasiyada aparılan islahatlar boşa getməyib. U-23 Avropa çempionatında və bu yarışda sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin qazandığı uğurlar doğru yolda olduğumuzu göstərir. İslahatlar öz sözünü deyir.
İdmanda yüksəlişlər olduğu kimi, eniş də olur. Hər şey istədiyin kimi olmur. Nəticə vermişəm, hələ ki, karyeramı davam etdirirəm. Sabah məndən güclü idmançılar olacaqsa, məşqçilik fəaliyyətinə başlayacağam. Rövşən Bayramov və Həsən Əliyev kimi məşqçilərlə birgə millidə gənclərə bilik-bacarığımı çatdıracağam”.
Yunan-Roma güləşində ən titullu idmançımız
Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimizin 10 üzvündən 8-i vətənə medalla qayıdıb. Rafiq Hüseynov bu yarışda rekorda imza atıb. 2011 və 2020-ci illərdə AÇ-nin baş mükafatına yiyələnən təcrübəli pəhləvanımız Budapeştdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təxminən 1 aydan sonra 34 yaşı tamam olacaq Rafiq indi yunan-Roma güləşində ən çox Avropa çempionu olmuş idmançımızdır. Digər güləşçilərimizə gəlincə, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edərək 165 xal toplayıb. Tarixində ilk dəfə Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi toplanan xallara, medalların sayına və əyarına görə də özünün ən yaxşı nəticəsinə imza atıb.