Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Arena.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışa 1/8 finaldan start verib.
Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Loşontsi finala çıxsa, Rafiq Hüseynov təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurublar. Sənan Süleymanov (77 kq) bu gün bürünc uğrunda qarşılaşmaya çıxacaq. Bu gün mübarizəyə qoşulmuş Həsrət Cəfərov (67 kq) da ilk görüşündən qalib ayrılıb.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.