Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” da bu turnirin cari mövsümündə ilk sınağına çıxıb. Sözügedən komanda səfərdə “Qornik”lə (Zabrze) qarşılaşıb.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bu mərhələnin oyunları 1 matçdan ibarət olduğundan komandalar mübarizəni əlavə vaxtda davam etdiriblər. 93-cü dəqiqədə Alvesin vurduğu qol əlavə vaxtda yeganə olub və yekunda 1:0 hesabı ilə qalib gələn həmyerlimizin komandası 1/16 finala vəsiqə qazanıb.
Rahil bu oyuna start heyətində başlayıb. O, 120 dəqiqəni əvəzolunmadan keçirib.
Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində hələlik 5 oyuna çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.