Rahil Məmmədov “Lex”ə qarşı 90 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 29-cu turu çərçivəsində baş tutmuş “Lex”lə (Poznan) oyunun iştirakçısı olub.

LKS doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 18-ci məğlubiyyətidir. Lodz klubu bu mövsüm 5 qələbə qazanıb, 6 heç-heçə edib və 18 oyunda məğlub olub.

Rahil “Lex”lə oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb. O, komandasının heyətində ən yaxşılardan biri olub.

LKS 29 matçdan sonra 21 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 11 rəsmi oyuna çıxıb.