Rahil Məmmədov LKS-də ilk qələbəsinə sevindi – Video

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 23-cü turu çərçivəsində baş tutmuş “Puşa” ilə oyunun iştirakçısı olub.

LKS doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:2. Lodz təmsilçisi 29-cu dəqiqədə buraxılan qolla məğlub duruma düşsə də, sonrakı dəqiqələrdə dönüş etməyi bacarıb. 38, 58 və 76-cı dəqiqələrdə qonaqları məyus edən LKS son dəqiqələrdə daha bir qol buraxsa da, yekunda qələbə hesabını qoruya bilib.

Bu, sözüfedən komandanın 2023-cü ilin avqustundan bəri ilk qələbəsidir. Lodz klubu sonuncu dəfə avqustun 20-də evdə “Poqon”a 1:0 hesabıyla qalib gəlmişdi. Ondan sonrakı 17 çempionat matçında komanda cəmi 4 heç-heçə etmiş, 13 məğlubiyyətə üzülmüşdü.

Rahil “Puşa” ilə oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

LKS 23 matçdan sonra 13 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 5 rəsmi oyuna çıxıb.