Rahil Məmmədov LKS-dən ayrıldı – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın LKS (Lodz) klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini vurğulayıb. Rahilin karyerasını harada davam etdirəcəyi hələ bilinmir.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalamışdı. Müdafiəçi bu komandanın heyətində 16 rəsmi oyuna çıxıb.

LKS artıq geridə qalmış mövsümdə 6 qələbə qazanıb, 6 heç-heçə edib və 22 məğlubiyyətə üzülüb. Lodz klubu oyunda topladığı 24 xalla 18 iştirakçı arasında sonuncu pilləni tutub və elitanı tərk edib.

Rahil daha öncə ölkəmizdə “Qarabağ”dan başqa “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.