Rahil Məmmədov LKS-lə dördüncü məğlubiyyətinə üzüldü – Video

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 17-ci turundan təxirə salınmış “Stal”la oyunun iştirakçısı olub.

LKS səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Lodz təmsilçisi 27-ci dəqiqədə buraxılan yeganə qolla məğlub olub.

Rahil bu oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb. O, 70-ci dəqiqədə sarı vərəqə də alıb. Məmmədov bu oyunda komandasının heyətində ən yaxşılardan biri olub. O, həm müdafiədəki kritik qurtarışları, həm də hücumlar zamanı qapıya zərbələri ilə diqqət mərkəzinə düşməyi bacarıb. Amma azərbaycanlı futbolçunun üstün performansı ardıcıl dördüncü məğlubiyyətə üzülməsinin qarşısını almaq çüün yetərli olmayıb.

Qeyd edək ki, LKS 22 matçdan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 4 rəsmi oyuna çıxıb.