Rahil Məmmədovun komandası “Motor”la bacarmadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun komandası “Radomyak” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Polşa Ekstraklasasında 2024/2025-ci illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Radom klubu səfərdə “Motor”la qarşılaşıb. Oyun “Radomyak”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rahil bu oyunun iştirakçısı olmayıb. Azərbaycan millisinin son toplanışından zədəli qayıdan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Rahil Məmmədovun komandası 17 turdan sonra 16 oyuna topladığı 16 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. “Radomyak” 16 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, bu ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 10 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: