Rahil Məmmədovun komandası “Yagelloniya”ya uduzdu

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun komandası “Radomyak” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 2-ci turunun oyunları keçirilir.

Rahilin komandası da yeni mövsümdəki ikinci matçına çıxıb. Radom klubu doğma meydanda “Yagelloniya” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun “Radomyak”ın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rahil bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Rahil Məmmədovun komandası 2 turdan 3 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, hələlik bu komandada cəmi 1 rəsmi matça çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.