Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi LKS-də baş məşqçi dəyişikliyi qeydə alınıb.
Arena.az xəbər verir ki, bu barədə Polşa klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, Lodz təmsilçisi baş məşqçisi Pyotr Stokovetslə yollarını ayırıb. Klub 51 yaşlı polşalı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Pyotr Stokovets 2023-cü ilin oktyabr ayından bu komandaya rəhbərlik edirdi. LKS onun rəhbərliyi altında cəmi 10 oyun keçirib və qələbə qazana bilməyib – 3 heç-heçə, 7 məğlubiyyət.
Bu üzdən də klub rəhbərliyi mövsümün xilas etmək ümidilə növbəti baş məşqçi dəyişikliyinə əl atıb. Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Lodz təmsilçisini bundan sonra Marçin Matısyak çalışdıracaq. O, buna qədər LKS-in ikinci komandasına rəhbərlik edib. 40 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Rahil Məmmədovun komandası Ekstraklasada 20 turdan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Rahil Məmmədov Lodz təmsilçisi ilə bu ilin yanvar ayında 1,5 illik müqavilə imzalayıb. O, Polşa klubuna “Qarabağ”dan keçib. Məmmədov LKS-də hələlik cəmi 2 rəsmi matç keçirib.