Rahil oynamadı, komandası evdə xal itirdi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun komandası “Radomyak” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Polşa Ekstraklasasında 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Radom klubu doğma meydanda “Katoviçe” ilə qarşılaşıb. Komandalar yekunda hərəyə 1 xalla kifayətləniblər – 1:1.

Rahil bu oyunun iştirakçısı olmayıb. Azərbaycan millisinin son toplanışından zədəli qayıdan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Rahil Məmmədovun komandası 18 turdan sonra 17 oyuna topladığı 17 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. “Radomyak” 17 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, bu ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 10 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: