Rahim Sterlinq “Çelsi”ni “Arsenal”a dəyişdi

“Çelsi”nin ingilis sol vingeri Rahim Sterlinq bundan sonra Premyer Liqanın digər təmsilçisi “Arsenal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Arsenal”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Keçid ödənişsiz əsasda, 2024/2025-ci illər mövsümünün sonuna qədər hesablanıb.

İngilis futbolçu “topçu” olmasını belə şərh edib: “Arsenal”a qoşulmaq həqiqətən inanılmaz hissdir. Mən xoşbəxtəm”.

Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti” və “Çelsi”də oynayıb.

Geridə qalmış 2023/2024 mövsümündə Sterlinq “Çelsi”nin heyətində bütün yarışlarda 43 oyuna 10 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.

Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 29 yaşlı ingilis sol vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

“Çelsi”nin qapıçısı Corce Petroviç də icarə əsasında “Strasburq”a keçib. Fransa klubu 24 yaşlı serb qolkiperi bu mövsümün sonuna kimi icarəyə götürüb.

Corce Petroviç “Çukariçki”nin yetirməsidir. O, 2023-cü ilin avqust ayında 16 milyon avro müqabilində “Çelsi”yə cəlb olunub. Qapıçı “zadəganlar”ın heyətində ötən mövsüm 31 oyuna 44 qol buraxıb, 7 “quru” matç keçirib. Petroviç Serbiya yığmasında da 3 oyuna çıxıb.

Petroviçi heyətinə qatan “Strasburq”da da iki ayrılıq qeydə alınıb. Liqa 1 təmsilçisi sol vinger Nordin Kandil və mərkəz müdafiəçisi Lukas Perrinlə vidalaşıb. Onlar azad agent kimi müvafiq olaraq “Amyen” və “Hamburq” klublarına keçiblər. 22 yaşlı Nordin “Amyen”lə 3 illik anlaşıb. 25 yaşlı Lukas isə Almaniya klubu ilə 2 illik müqaviləyə imza atıb.