İngiltərə yığmasının və “Çelsi”nin vingeri Rahim Sterlinq komandanın yeni baş məşqçisi Entso Mareska ilə işi barədə söhbət açıb.
Arena.az Sterlinqin bu barədə fikirlərini təqdim edir:
“Bu, sadəcə başlanğıcdır, amma hara istiqamət aldığımızı artıq görə bilərsiniz. Bu, bütün komanda üçün öyrənmə mərhələsidir və biz bunu çox tez öyrənirik. Premyer Liqa çox tezliklə başlayacaq, ona görə də düşünürəm ki, yaxşı günlərimiz hələ qarşıdadır”, deyə Sterlinq əminliklə bildirib.
Xatırladaq ki, Rahim Sterlinq 2022-ci ilin iyul ayından “Çelsi”də çıxış edir. Təcrübəli futbolçu London klubunun heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 12 assistlə yadda qalıb. Sterlinqin “zadəganlar”la 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Sterlinq “Liverpul”un yetirməsidir. O, 2012-2015-ci illər ərzində məhz bu klubun əsas komandasında çıxış edib. 2015-ci ilin yayında isə futbolçu “Mançester Siti”yə transfer olunub. O, “şəhərlilər”in heyətində keçirdiyi 8 mövsüm ərzində 339 matça çıxıb, 131 qola imza atıb.
Rahim Sterlinq 2012-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə milli komandasında 82 matça çıxıb. O, bu oyunlarda 20 qol vurub, 27 məhsuldar ötürmə müəllifi olub. Rahim İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.