Rahim Sterlinq ÇL-də bunu bacaran ilk ingiltərəli futbolçu oldu

“Arsenal”ın sol vingeri Rahim Sterlinq UEFA Çempionlar Liqasında dörd fərqli klubda oynayan ilk ingiltərəli futbolçu olub.

Arena.az xəbər verir ki, o, bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda İtaliya təmsilçisi “Atalanta”ya qarşı oyunda reallaşdırıb.

Vinger “Arsenal”a qədər “Liverpul”, “Mançester Siti” və “Çelsi” klublarının da heyətində sözügedən turnirdə çıxış edib.

Qeyd edək ki, İtaliyada keçirilən “Atalanta” – “Arsenal” matçında qalib müəyyənləşməyib – 0:0.

Xatırladaq ki, müqavilə ilə “Çelsi”yə məxsus olan Rahim Sterlinq “Arsenal”a bu ilin yayında icarə müqaviləsi əsasında keçib. Keçid ödənişsiz əsasda, 2024/2025-ci illər mövsümünün sonuna qədər hesablanıb. 29 yaşlı vinger “topçular”ın heyətində hələlik 2 oyuna çıxıb və fərqlənə bilməyib.

Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti” və “Çelsi”də oynayıb.

Geridə qalmış 2023/2024 mövsümündə Sterlinq “Çelsi”nin heyətində bütün yarışlarda 43 oyuna 10 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.

Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 29 yaşlı ingilis sol vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.