Rakitiç UEFA Uşaq Fondunun ilk səfiri seçildi

İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi İvan Rakitiç UEFA Uşaq Fondunun ilk rəsmi səfiri seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xorvatiya yığmasının sabiq üzvü fondun tədbirlərində iştirak edəcək, qurumun uşaqların həyatını yaxşılaşdırmaq üçün gördüyü işləri təbliğ edəcək.

Rakitiç bununla bağlı qurumun rəsmi saytına açıqlama da verib: “Buna görə çox xoşbəxtəm. Hər kəsə UEFA Uşaq Fondu və bütün oyunçularla birlikdə çox şey edə biləcəyimizi isbatlamalıyıq. Hər şeydən əvvəl bütün dünyada uşaqların sevinclə gülümsəməsinə kömək etdiyimi göstərmək mənə çox məsuliyyət verir. İki qız atası olmağım, uşaqların üzündə bu təbəssümün görünməsinin nə qədər vacib olduğunu bilməyimə və anlamağıma kömək edir”.

Qeyd edək ki, UEFA Uşaq Fondu beş il öncə yaradılıb. Bu müddət ərzində beş qitənin 100-dən çox ölkəsində bir milyona yaxın uşaq fondun fəaliyyətindən faydalana bilib.