Ralf Ranqnik: “Fransaya qarşı son dəqiqəyə qədər zirvədə idik”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Fransa yığması ilə oyunu (0:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz imkanlar yaradırdıq. Əlbəttə, Fransa yığması da imkanlar yaratdı. Qapıçımız Patrik Pents əla iş gördü. Komandama qarşı heç bir qınağım yoxdur. Həmişə düzgün qərarlar vermirdilər, amma rəqibin kim olduğunu da unutmayaq. Sadəcə Fransanın bütün oyunçularına, o cümlədən ehtiyat oyunçular skamyasına baxmaq gərəkdir.

Oyunda məğlub olduq. İnsaflı olaq, Fransanın imkanları daha çox idi və bu, layiqli qələbə idi. Amma son dəqiqəyə qədər biz zirvədə idik”, deyə Ralf Ranqnik vurğulayıb.

Xatırladaq ki, Avstiya yığması, “Lids”in Mönhenqladbax “Borussiya”sında icarə əsasında çıxış edən mərkəz müdafiəçisi Maksimilian Vöberin 38-ci dəqiqədə öz qapısına vurduğu qol sayəsində məğlub olub.

1-ci turdan sonra Niderland və Fransa yığmaları “D” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Polşa və Avstriya yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.