Ramazan Ağabəyov Avstriya yığmasına məğlubiyyəti şərh etdi

Kişi voleybolçulardan ibarət yığmamızın blokçusu Ramazan Ağabəyov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının (AÇ-2026) təsnifat mərhələsi çərçivəsində keçirilmiş Avstriya ilə oyundakı məğlubiyyəti şərh edib:

“Təsnifat mərhələsindəki ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı. Rəqibin heyətində təcrübəli oyunçular çox idi və bu voleybolçular oyunun həlledici anlarında komandalarına kömək etdilər. İlk hissədən fərqli olaraq, ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik. Özümüz də çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu”.

Ramazan Ağabəyov seçmə mərhələdəki növbəti qarşılaşmadan da söz açıb:

“Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya matçından sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, AÇ-2026-nın seçmə mərhələsində B qrupunda yer almış Fərid Cəlalovun yetirmələri ilk görüşünü səfərdə Avstriyaya qarşı keçirıb və 0:3 hesabıyla uduzub. Üç komandanın mübarizə apardığı bu qrupda Belçika millisi də yer alıb. Azərbaycan millisi Belçika yığması ilə avqustun 24-də qarşılaşacaq. Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Görüşü serbiyalı Darko Savic və türkiyəli Yavuz Akdemir idarə edəcəklər.

Milli komandamızın digər iki qarşılaşması isə yarışın formatına uyğun olaraq, 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.