Bu gün “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Barselona”nın sabiq futbolçusu Andres İnyesta ilə komanda yoldaşı ola bilər.
Arena.az “Harianhaluan” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə anlaşan Tailand təmsilçisi “Buriram Yunayted” İnyestanı da heyətinə qatmaq istəyir.
Bu barədə sözügedən klubun direktoru Nyuin Çidçob yerli mətbuata açıqlamasında məlumat verib. O, Yaponiyanın “Vissel Kobe” komandası ilə vidalaşan ulduz futbolçunu transfer etmək niyyətində olduqlarını bildirib.
Xatırladaq ki, Yaponiya klubu bir neçə gün əvvəl 39 yaşlı İnyestanın iyulun 1-də “Vissel Kobe”dən gedəcəyini rəsmən açıqlayıb. O, həmin gün “Noevir” stadionunda baş tutacaq “Konsadole Sapporo” ilə ev oyununda sözügedən komanda ilə vidalaşacaq.
Andres İnyesta “Vissel Kobe”nin heyətində 133 oyunda meydana çıxıb və 21 qola imza atıb. Bu müddətdə Andres klubu ilə İmperator Kubokunu (2019) və Yaponiya Super Kubokunu (2020) qazanıb. O, daha öncə uzun illər İspaniyanın “Barselona” komandasında forma geyinib.
Ramil Şeydayev isə bu gün “Qarabağ”dan rəsmən ayrılıb. O, bu klubla mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb. Buna hücumçunun məhz “Buriram Yunayted” klubundan aldığı sərfəli təklif alması səbəb göstərilir.
Şeydayev 2021-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışırdı. O, 2017/18 mövsümündə də icarə əsasında bu komandanın formasını geyinib. Ramil “Qarabağ”da bütövlükdə 116 oyuna çıxıb. Hücumçu bu oyunlarda 37 qol vurub, həmçinin 12 assist müəllifi olub. 27 yaşlı futbolçu daha öncə “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların da formasını geyinib. Şeydayev Azərbaycan milli komandasında da 54 oyuna çıxıb, 9 qola imza atıb.
Ramil geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasında vurduğu 22 qolla bombardir olub.