Ramil Şeydayev “Gənclərbirliyi”nə qarşı 16 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF Birinci Liqanın 27-ci turu çərçivəsində “Gənclərbirliyi” ilə qarşılaşıb.

Səfərdə baş tutan görüş Kocaeli klubunun məğlubiyyəti ilə yekunlaşıb – 0:2.

Şeydayev bu oyunun 74-cü dəqiqəsində, hesab 0:2 olarkən meydana buraxılıb. Amma milli üzvü komandasına heç nə ilə kömək edə bilməyib.

Ardıcıl altıncı oyunda xal itirən “Kocaelispor” bu nəticədən sonra 45 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Bu komanda cari mövsümdə 13 qələbəyə sevinib, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Son altı oyunda Kocaeli klubu 3 heç-heçə, 3 məğlubiyyət görüb.

Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 8 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.