Ramil Şeydayev “Qarabağ”a bu sözlərlə vida etdi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev bir neçə gün öncə yollarını ayırdığı “Qarabağ” klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu “İnstagram” hesabında yaydığı vida paylaşımında bunları qeyd edib:

“Qarabağ”a birlikdə keçirdiyimiz vaxta görə öz təşəkkürümü bildirmək istərdim. Belə bir böyük ailənin üzvü olduğum üçün xoşbəxt idim. Həm yaxşı, həm də çətin vaxtlarda mənə və komandaya dəstək göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bütün klub üzvlərinə isə qeydimə qaldıqlarına və hər zaman kömək etdiklərinə görə təşəkkür edirəm. Gözəl günlər yaşadıq. Sizə hər bir məqama görə dönə-dönə “çox sağ olun” deyirəm. Sizin üçün olduqca çox darıxacağam”.

Xatırladaq ki, Ramil Şeydayev 2021-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışırdı. O, 2017/18 mövsümündə də icarə əsasında bu komandanın formasını geyinmişdi. Ramil “Qarabağ”da bütövlükdə 116 oyuna çıxıb. Hücumçu bu oyunlarda 37 qol vurub, həmçinin 12 assist müəllifi olub.

Millimizin forvardı daha öncə “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların da formasını geyinib. Şeydayev Azərbaycan milli komandasında da 54 oyuna çıxıb, 9 qola imza atıb.

Geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasında vurduğu 22 qolla bombardir olan Şeydayevin karyerasını Tailandın “Buriram Yunayted” klubunda davam etdirməsi gözlənilir.