Ramil Şeydayev “Qarabağ”dan nə qədər maaş istədi? – MƏBLƏĞ

“Qarabağ”ın hücumçusu Ramil Şeydayev klubu ilə yeni müqavilə bağlamaq üçün Ağdam təmsilçisindən maaşının artırılmasını tələb edir. Arena.az-ın əldə etdiyi məlumata görə, bir neçə klubun maraq dairəsində olan Azərbaycan yığmasının üzvü indiki komandasında qalmaq üçün öz şərtlərini rəhbərliyin diqqətinə çatdırıb.

Artıq onun tələb etdiyi məbləğ də bəllidir. Ramil “köhlən atlar”ın rəhbərliyi ilə söhbət zamanı illik 600 min manat əməkhaqqı istədiyini dilə gətirib.

Bu məbləğin Şeydayev üçün çox olduğunu düşünən “Qarabağ”ın idarəçiləri isə ona bu qədər ödəmək niyyətindən uzaqdır. Hazırda agentləri vasitəsi ilə digər variantları nəzərdən keçirən milli üzvünün əsas hədəfi isə məhz Rusiyada top qovmaqdır. Belə ki, o, öncəki görüşlərin birində ailəsinə yaxın olmaq üçün Rusiyaya qayıtmaq barədə düşündüyünü də söyləyib.

Xatırladaq ki, Ramil “Neftçi” ilə yanaşı, Macarıstanın “Ferentsvaroş” və Rusiyanın “Rostov” klublarından da təkliflər alıb. Onun Ağdam klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədərdir.

Şeydayev bu mövsüm “Qarabağ”ın heyətində bütövlükdə 52 oyuna çıxıb. O, müxtəlif turnirlər çərçivəsində 23 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Millimizin üzvü 2021-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışır. O, 2017/18 mövsümündə də icarə əsasında bu komandanın formasını geyinmişdi. Ramil “Qarabağ”da bütövlükdə 115 oyuna çıxıb, 37 qol vurub, 12 asist müəllifi olub. O, daha öncə “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların da formasını geyinib. Şeydayev Azərbaycan milli komandasında da 52 oyuna çıxıb, 9 qol vurub.