“Qarabağ”ın hücumçusu Ramil Şeydayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə vurduğu qolların sayını 22-yə çatdırıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bununla da Ağdam klubunun tarixinin rekordunu təkrarlayıb.
Azərbaycan milli komandasının da üzvü olan forvard bir mövsümdə vurulan qol sayında Ağdam klubunun keçmiş hücumçusu Reynaldoya çatıb.
Braziliyalı legioner 1992-ci ildən keçirilən ölkə çempionatlarında “Qarabağ”ın heyətində bir mövsümdə hamıdan çox – 22 qol vurub. Onun rekordu 9 ildən sonra təkrarlanıb. Reynaldo 31 matça çıxdığı 2013/2014 mövsümündə rəqib qapısına 22 dəfə yol tapmışdı.
Ramil isə bu mövsüm 22 qolu 34 oyunda rəqib qapılarından keçirib. O, bu qollarla yanaşı, 6 məhsuldar ötürmə müəllifi də olub.
Şeydayev mövsümün qalan iki turunda mütləq rekorda imza atmaq imkanına da malikdir. Ondan iki top az vuran komanda yoldaşı Musa Qurbanlı da bu göstəricini təkrarlaya və ya keçə bilər.
Xatrıladaq ki, Ramil Şeydayev bu mövsüm “Qarabağ”ın heyətində bütövlükdə 52 oyuna çıxıb. O, müxtəlif turnirlər çərçivəsində 23 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Millimizin üzvü 2021-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışır. O, 2017/18 mövsümündə də icarə əsasında bu komandanın formasını geyinmişdi. Ramil “Qarabağ”da bütövlükdə 115 oyuna çıxıb, 37 qol vurub, 12 asist müəllifi olub. O, daha öncə “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların da formasını geyinib. Şeydayev Azərbaycan milli komandasında da 52 oyuna çıxıb, 9 qol vurub.