Ramil Şeydayev üçün 91 dəqiqə və 1 xal – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 7-ci turu çərçivəsində baş tutan “Çonburi” ilə matçın iştirakçısı olub.

“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 2:2.

Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 90+1-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurub, 3 məhsuldar ötürmə etmiş Ramil bu dəfə heç nə ilə yadda qala bilməyib.

Bu nəticədən sonra 14 xala malik “Buriram Yunayted” 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 9 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.