Ramil Şeydayev və Filip Ozobiç “Qarabağ”dan getdi – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının iki üzvü – Ramil Şeydayev və Filip Ozobiç “Qarabağ” klunundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən oyunçularla müddəti bitən müqavilələr yenilənməyib. Hər iki futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, onlara gələcək karyeralarında uğurlar arzulanıb.

Xatırladaq ki, Filip Ozobiç 2018-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışırdı. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 151 matça çıxıb, 42 qol vurub və 36 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi “Qarabağ”dan öncə iki il “Qəbələ”nin də formasını geyinib (70 oyun, 24 qol və 10 məhsuldar ötürmə). Milli komandamızın üzvü “Slaven” (Belupo), “Spartak” (Moskva), “Hayduk” (Split) kimi klubların da uğurları üçün çalışıb. Ozobiç Azərbaycan yığmasında 10 oyuna 1 qol vurub.

Ozobiçin karyerasını “Neftçi”də davam etdirəcəyi barədə xəbərlər dolaşır.

Ramil Şeydayev isə 2021-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışırdı. O, 2017/18 mövsümündə də icarə əsasında bu komandanın formasını geyinmişdi. Ramil “Qarabağ”da bütövlükdə 116 oyuna çıxıb. Hücumçu bu oyunlarda 37 qol vurub, həmçinin 12 assist müəllifi olub. O, daha öncə “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların da formasını geyinib. Şeydayev Azərbaycan milli komandasında da 54 oyuna çıxıb, 9 qola imza atıb.

Geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasında vurduğu 22 qolla bombardir olan Şeydayevin karyerasını Tailandın “Buriram Yunayted” klubunda davam etdirməsi gözlənilir.