Futbol üzrə Azərbaycan millisinin üzvləri – Vüsal İsgəndərli ilə Ramil Şeydayev Türkiyə Birinci Liqasında növbəti matçlarına çıxıblar.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları bu gün bir-biri ilə üz-üzə gəliblər.
Belə ki, Vüsalın komandası “Boluspor” Şeydayevli “Kocaelispor”u doğma meydanda sınağa çəkib. Qarşılaşmada hesabı 4-cü dəqiqədə Kocaeli təmsilçisi açıb. Bolu klubu elə ilk hissədə, 32-ci dəqiqədə buraxılan qolun cavabını verib. Qalan dəqiqələrdə hesab dəyişməyib və tərəflər meydanı hərəyə 1 qol, 1 xalla tərk ediblər – 1:1.
Həm Vüsal, həm də Ramil bu oyuna start heyətdə başlayıblar. Lakin azərbaycanlı hücumçular bu görüşdə fərqlənə bilməyiblər. İsgəndərli 63-cü, Şeydayev 80-ci dəqiqədə əvəzlənib.
Bu heç-heçədən sonra “Kocaelispor” 43 xalla 3-cü pillədə qərarlaşıb. “Boluspor” isə 33 xalla 8-cidir.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 5 matça çıxıb.
Ramil Şeydayev isə “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 3 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.
Yeri gəlmişkən, bu gün digər azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə qarşılaşdığı “Adanaspor”a 1:2 hesabıyla uduzub. Bu məğlubiyyətdən sonra “Tuzlaspor” 22 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Son turlarda oynamayan Bəxtiyarın adı bugünkü matçın iştirak ərizəsinə də daxil edilməyib.