Ramil Şeydayev və Vüsal İsgəndərli üçün Super Liqa şansı

Azərbaycan millisinin üzvləri – Ramil Şeydayev və Vüsal İsgəndərli futbol üzrə Türkiyə Birinci Liqasının pley-offuna vəsiqə qazanıblar.

Arena.az xəbər verir ki, onların komandaları Türkiyə Super Liqasına yüksəlmək uğrunda yarışacaqlar.

Ramilin formasını geyindiyi “Kocaelispor” 2023/2024 mövsümünün əsas hissəsinin sonuncu – 34-cü turu çərçivəsində “Sakaryaspor”la qarşılaşıb. Kocaeli təmsilçisi doğma meydanda qəbul etdiyi bu rəqibinə 0:2 hesabıyla uduzub. Ramil bu görüşün 60-cı dəqiqəsində meydana buraxılıb.

Vüsalın komandası – “Boluspor” isə sonuncu turda doğma meydanda “Çorum”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüş Bolu təmsilçisinin qələbəsiylə yekunlaşıb – 2:1. İsgəndərli sonadək ehtiyatda qalıb.

Bu nəticələrdən sonra 34 oyuna 55 xal toplamış “Kocaelispor” mövsümün əsas hissəsini 6-cı, 53 xalı olan “Boluspor” isə 7-ci yerdə başa vurub. Bu isə sözügedən komandalara Super Liqaya vəsiqə uğrunda mübarizə aparmaq hüququ verib.

“Kocaelisor” pley-offda 5-ci yeri tutan “Çorum”la qarşılaşacaq. “Boluspor” isə 4-cü olmuş “Bodrumspor”la üz-üzə gələcək. Dörd komandanın mübarizəsindən sonra qaliblər finala yüksələcək. Finalın qalibi mövsümü 3-cü yerdə bitirmiş “Sakaryaspor”la həlledici görüşə vəsiqə qazanacaq. Məhz bu görüşdə Super Liqaya son vəsiqəni sahibi bəlli olacaq.

Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.

Xatırladaq ki, çempion “Eyüpspor” (75 xal) və 2-ci yeri tutmuş “Göztəpə” (70 xal) Super Liqaya birbaşa vəsiqə qazanıblar.

Ramil Şeydayev “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 15 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.

Vüsal İsgəndərli isə “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 13 matça çıxıb.