Ramin Əhmədov “Şamaxı”ya lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu yarımmüdafiəçisi Ramin Əhmədov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 1 iyun 2001-ci ildə dünyaya göz açmış Ramin Əhmədov Zaqatala futbol məktəbinin yetirməsidir. O, “Şamaxı”ya 2023-cü ilin fevralında “Zirə”dən azad agent kimi keçmişdi. Yarımmüdafiəçi cari mövsümdə cəmi 3 oyunda meydana çıxmışdı. Baş məşqçi Ayxan Abbasovun əsas heyət üzvü kimi görmədiyi futbolçu məhz bu səbəbdən komandadan göndərilib.

Ramin Əhmədov daha öncə “Zirə”də oynayıb. O, Azərbaycanın gənclərdən ibarət yığmasında 1 oyun keçirsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Şamaxı” Ramin Əhmədovdan öncə, mövsümün gedişində İlkin Muradov, Georgi Kantariya və Adil Nağıyevlə də yollarını ayırdığını açıqlamışdı.