Azərbaycanlı futbolçu Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 5-ci turu çərçivəsində baş tutan “Valmiera” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası iki qolun qeydə alındığı qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.
Ramin meydana start heyətdə çıxıb. O, 78-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.
Bu komandada forma geyinən digər azərbaycanlı futbolçu – Nazim Həsənzadə isə “Valmiera” ilə matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.