Ramin Nəsirli 90, Nazim Həsənzadə 18 dəqiqə oynadı

Azərbaycanlı yarımmüdafiəçilər Ramin Nəsirli və Nazim Həsənzadə Latviyanın “Dauqavpils” komandasında növbəti matçlarına çıxıblar. Arena.az xəbər verir ki, onlar Latviya çempionatının 9-cu turu çərçivəsində baş tutan “Auda” ilə matçın iştirakçısı olublar.

“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.

Ramin matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib. Nazim isə 72-ci dəqiqədə meydana buraxılıb.

“Dauqavpils” 9 turdan sonra cəmi 5 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.