Ramin Nəsirli üçün bir hissə, bir assist və üç xal

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Latviya çempionatının 31-ci turu çərçivəsində baş tutan “Metta/LU” ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan qələbə ilə ayrılıb – 4:2.

Ramin bu matçın ikinci hissəsində, 46-cı dəqiqədən etibarən meydanda olub. Əvvəlki turlarda 2 qol və 3 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənib. O, komandasının 90+5-ci dəqiqədə vurduğu son qolda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

“Dauqavpils” 31 turdan sonra 32 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. O, indiyə qədər bu komandanın heyətində 32 oyuna çıxıb, 2 qola və 4 assistə imza atıb.