Ramin Quliyev: “Oyunumuzu təkmilləşdirməyə davam edəcəyik”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Gürcüstanın Tiflis şəhərindəki təlim-məşq toplanışı çərçivəsində “Şukura”ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Növbəti mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçdik. İyulun 15-dən Tiflisdə təlim-məşq toplanışındayıq. Hazırlığın ilk mərhələsində daha çox oyunçuların fiziki hazırlığının yaxşılaşdırılması istiqamətində çalışdıq. Tiflis toplanışında isə fiziki hazırlıqla yanaşı, taktiki məşqlərə də üstünlük verir və yeni futbolçuları komandanın oyun üslubuna uğunlaşdırmağa çalışırıq. Burda 4 oyun keçirməyi nəzərdə tutmuşuq. Artıq bu oyunlardan biri, “Şukura” ilə matç geridə qaldı. Oyun baxımından xeyli artıracağımız komponentlər var. Bundan əlavə, deyə bilərəm ki, hələ komandanın tam formalaşmasını başa vurmamışıq.

Qeyd edim ki, bu toplanışa xeyli gənc futbolçunu da cəlb etmişik. Bu, onlar üçün özlərini yaxşı tərəfdən göstərib, əsas komandanın daimi üzvünə çevrilmək baxımından yaxşı şansdır. Hələ ki, çempionat başlayana qədər vaxtımız var. Bu vaxtdan səmərəli istifadə edib, həm öz oyunumuzu təkmilləşdirməyə, həm də səhvlərimiz üzərində işləməyə davam edəcəyik”.

“Sabah” Tiflis toplanışı çərçivəsində növbəti oyununu yerli “Samqurali” klubuna qarşı keçirəcək. Matç iyulun 23-də, “Zestafoni” təlim-məşq bazasının stadionunda oynanılacaq.