“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”dan çox danışmağa ehtiyac yoxdur. Rəqibi təbrik edirəm. Matça ciddi hazırlaşmışdıq. Heyətdə itkilərimiz olsa da, yaxşı mübarizə apardıq. Yenə də 1 xalımız var. Azlıqda qalsaq da, meydançada əsl komanda gördüm. Bu kollektivi yeni götürəndə də yaxşı oyunlarımız olmuşdu. Bu gün isə futbolçularda xarakter, məğlub olmamaq istəyi gördüm. Oyunumuz qürur verdi. “Qarabağ”a qarşı futbolçuları xüsusi hazırlamaq lazım deyil. Bu komandanın adı özü motivasiyadır.
Xulio Sezar Rodriqesin qırmızı vərəqə aldığı epizodla bağlı indi nəsə demək çətindir. Birbaşa qırmızı almaq ciddi məsələdir. Onunla söhbətimiz olacaq.
Oyundan sonra klub prezidenti Maqsud Adıgözəlov komandaya təşəkkür etdi. Mükafat haqqında söhbət olmadı. Elə vəziyyətdir ki, mükafat vəd olunsa belə, heç bir futbolçu onu götürməyə cürət edə bilməz. O pulu haqq etmək lazımdır.
Geridə qalan 7 oyunda mənim üçün üçün ən çətin iş jurnalistlər qarşısına çıxmaq oldu. Bəlkə də Azərbaycanda ardıcıl 7 turda məğlub olan yeganə komanda bizik. Ehtiyat skamyamıza baxsanız, hamısı gənc oyunçulardır. Petar Şkuletiç ağrıkəsici iynə ilə oyuna çıxmışdı. Amma bu, bəhanə deyil. Komandanı bir araya yığa bilmirik. Dünən Kristian Sebalyos da adi epizodda zədələndi. Hər şey sanki bizim əleyhimizə işləyir”.
Ramin Quliyev mümkün istefası barədə də danışıb: “Məğlub olan baş məşqçi üçün söz-söhbət normaldır. Mənim üçün rəhbərliyin fikri daha önəmlidir. Onların verdiyi qərar qanundur. Bu gün sərgilədiyimiz oyun yaxşı alındı. Amma bunun istefa məsələsinə necə təsir edəcəyini deyə bilmərəm. Siz məsələnin içini bilmirsiniz deyə, belə danışırsınız. Sizin sözünüzlə çıxıb gedə bilmərəm. Bu, mənim üçün normal haldır. Rəhbərliklə aramızdakı söhbətlərdən xəbəriniz yoxdur. Ona görə də məni başa düşün”.