Futzal üzrə Azərbaycan yığmasının üzvü Ramiz Çovdarov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Yunanıstana qarşı baş tutmuş matçda olduğu kimi, bu oyunda da üçüncü qolun müəllifi olan futzalçı federasiyanın rəsmi saytına açıqlamasında bu görüşün niyə çətin keçdiyinə aydınlıq gətirməyə çalışıb.
Meydanda az olmasına rəğmən, 5:3 hesablı qələbədə pay sahibi olan futzalçı bunları söyləyib:
“Cəmi 5 gün əvvəl Bakıda bu komandanı 5:1 hesabı ilə məğlub etmişdik. Görünür, həmin qarşılaşmada qazandığımız üstünlük müəyyən qədər arxayınlığa səbəb oldu. Üstəlik, hesabı açdıq, rəqib qapısından 3 cavabsız top keçirdik. Fikirləşirdik ki, asan olacaq. Amma sonrakı dəqiqələrdə bunun əziyyətini çəkdik. Yaxşı ki, üstünlüyümüzü əldən vermədik. Bu işdə hamımızdan çox Rövşənin əməyi var”.
Ramiz Çovdarov nəticənin hər şeydən əvvəldə dayandığını vurğulayıb: “Vacib olan nəticə idi ki, biz də bunu əldə etdik. Keçirdiyimiz 4 oyunun hamısında maksimum xal qazanmışıq. Yaxşı oynayıb uduzanda heç kim bizi təbrik etmir. Baş məşqçi zəif oynadığımızı düşünürsə, məncə, bu hesabdan irəli gəlirdi. Həm də ölkə xaricində oynayan futzalçılarımız qısa vaxtda komanda ilə birgə məşq edirlər. Qısa müddətdə isə taktiki tapşırıqları mənimsəmək mümkün deyil”.
Futzalçı vurduğu qola da toxunub: “Oyuna daxil olanda çox istəkli idim. Birinci hissədə meydana çıxmamışdım. Sonra şans verildi, biz də təcrübəli futzalçılarıq, meydana niyə çıxdığımızı bilirik. Bu bayrağı yüksəltmək üçün hər zaman ən yaxşısını etməyə hazırıq. Vurduğum qolu isə azarkeşlərimizə hədiyyə edirəm”.


