Ramiz Məmmədov futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Şamaxı” komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi komandanı daha yaxından tanıyan bir mütəxəssisə ehtiyac olduğunu nəzərə alaraq, hazırda bu klubun İdarə Heyətinin sədr müavini Ramiz Məmmədovu bu işə cəlb edib. Belə ki, Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək.
Xatırladaq ki, Ramiz Məmmədov məşqçilik karyerası ərzində “Qəbələ”də (2008-2010 və 2012-2013) və “Atırau” (Qazaxıstan, 2011-ci ilin yanvarından iyun ayına qədər) klublarında çalışıb. O, 2017-ci ildə “Şamaxı”nın “Keşlə” adlandığı dövrdə bu komandanın da baş məşqçisi olub. Son illərdə isə o, bu klubun İdarə heyətində təmsil olunurdu.
“Şamaxı”ya bu mövsümün əvvəlindən Vüqar Əsgərli rəhbərlik edirdi. Lakin o, son turda “Karvan”la oyundakı məğlubiyyətdən (2:4) sonra postundan ayrılmağa qərar vermişdi.
“Şamaxı” bu mövsüm Birinci Liqada keçirdiyi 9 oyunda 15 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.