2022/2023 mövsümünü Azərbaycan Kubokunun qalibi kimi başa vuran “Qəbələ” futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.
Braziliyalı legioner ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan Kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb.
Cənubi amerikalı futbolçu “qırmızı-qara” forma ilə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
“Qəbələ” İdman Klubu Ramon Maçadoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edi. Ona gələcək karyerasında yeni-yeni uğurlar arzulanıb.
Xatırladaq ki, Ramon Maçado daha öncə Azərbaycanda “Neftçi”nin də uğurları üçün çalışıb. O, 2021-ci ilin sentyabrında transfer olunduğu “Neftçi”dən ötən yay ayrılmış və “Qəbələ”yə keçmişdi. Təcrübəli futbolçu “ağ-qaralar”ın heyətində də 28 oyun keçirib, 7 qol vurub.
Maçado daha öncə “Brazil de Pelotas”, “Yan Regensburq”, “Esportivo”, “Boa Esporte”, “Lajeadense”, “Ponte Preta”, “Yuventude”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre”, “Botafoqo-PB” kimi komandalarda da forma geyinib.
“Qəbələ” daha öncə Məqsəd İsayevlə də yollarını ayırdığını açıqlamışdı. İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla isə yeni müqavilələr imzalanıb.