Rani Xedira Bundesliqa klubu ilə yeni müqavilə bağladı

Almaniya Bundesliqasında mübarizə aparan “Union Berlin” klubu yarımmüdafiəçisi Rani Xedira ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu ilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna kimi idi.

Rani Xedira 2021-ci ilin iyul ayında “Auqsburq”dan azad agent kimi “Union Berlin”ə keçib. O, bu komandanın heyətində indiyə qədər 85 oyuna çıxıb. Dayaq yarımmüdafiəçisi bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə müəllifi də olub. O, cari mövsümdə Bundesliqa klubunun heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb.

“Ştutqart”ın yetirməsi olan Xedira, “Leypsiq” və “Auqsburq”un da formasını geyinib. Yarımmüdafiəçi Almaniyanın U-15, U-16, U-17 və U-19 yığmalarında da oynayıb, amma əsas millidə debüt şansı qazanmayıb.

Sonda onu da xatırladaq ki, Rani, Almaniya milli komandasının sabiq futbolçusu Sami Xediranın qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: