Ranqnik: “Avstriya AÇ-də nəyə qadir olduğunu göstərmək istəyir”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik 2024-cü il Avropa çempionatı ərəfəsində komandasının səviyyəsindən danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz, kim olsa yüksək səviyyədə rəqabət apara bilirik. Siz bunu ötən il Almaniya və İtaliya ilə yoldaşlıq görüşlərində, eləcə də AÇ-2024-ün seçmə mərhələsində İsveçlə oyunda gördünüz. Hətta Belçika ilə oyunda da nəticəni öz xeyrimizə çevirməyə yaxın idik.

Biz AÇ-2024-ə təkcə iştirak etmək üçün getmirik. Biz nəyə qadir olduğumuzu göstərmək istəyirik. Biz başa düşürük ki, qrupumuz heç də sadə deyil. Digər tərəfdən, biz özümüzə inanırıq və inanırıq ki, növbəti mərhələyə adlaya biləcəyik”, deyə Ralf Ranqnik bildirib.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Avstriya yığması Polşa, Niderland və Fransa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.