Ranqnik PSJ-nin ÇL zəfərinə aydınlıq gətirdi

Avstiya yığmasının baş məşqçisi Ralf Ranqnik PSJ-nin 2024/2025-ci illər mövsümündə Çempionlar Liqasını qazana bilməsinin sirrini açıqlayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, 66 yaşlı alman mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“PSJ-nin çoxlu pul xərcləyərək, ilk dəfə Çempionlar Liqasını niyə qazandığını bilirsinizmi? Onlar 10 və ya 15 il çoxlu pul sərf edərək, cəhd ediblər. İndi isə əsas ulduzlar çıxıb-gediblər. Nə Kilian Mbppe yoxdur, nə Lionel Messi, nə də ki Neymar və onlar birdən Çempionlar Liqasını qazanırlar. Təsadüfdürmü? Xeyr. Onlar bundan keçiblər.

Nümunə üçün Xviça Kvaratsxeliya göstərilə bilər ki, hesab 4:0 ikən (“İnter”ə qarşı final oyunu, 5:0 – redaktorun qeydi), oyunun sonuna hələ 20 dəqiqə qalmış, o, topu komandasına qaytarmaq üçün 60 metri əvvəlki kimi qaçdı. Mən Neymar, Messi və ya Mbappenin belə etdiyini heç vaxt görməmişəm. Komandanın gücü də bundadır”, deyə Ranqnik fikrini əsaslandırıb.

Xatırladaq ki, PSJ cari mövsümdə iştirak etdiyi bütün yarışlarda zəfər əldə edib. Fransa nəhəngi ölkə çempionluğunu, ölkə kubokunu, ölkə super kubokunu, həmçinin Çempionlar Liqasını qazanıb. Hazırda PSJ 2025-ci il FIFA Klub Dünya Kubokunda çıxış edir. Fransa nəhəngi tarixən ən uğurlu dövrünü yaşayır.