Ranyeri gələcəkdə ən yaxşılardan biri olacaq məşqçidən danışdı

“Roma”nın italyan baş məşqçisi Klaudio Ranyeri gələcəkdə ən yaxşılardan biri olacaq mütəxəssis haqda söhbət açıb.

Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, Ranyeri “Komo”nun 37 yaşlı ispan baş məşqçisi Sesk Fabreqasın gələcək məşqçilik uğurlarına inanır:

“Mən artıq “Komo” haqda düşünürəm. Onlar bir dəfə bizi məğlub ediblər. Ruhlanıblar və yaxşı da oynayırlar. Fabreqas üç və ya dörd ildən sonra Avropanın ən yaxşı məşqçilərindən biri olacaq, mən buna əminəm”, deyə 73 yaşlı italyan mütəxəssis vurğulayıb.

Futbolçu ikən “Arsenal”, “Barselona”, “Çelsi” və “Monako”da çıxış etmiş Sesk Fabreqas karyerasının qürubunda “Komo”da top qovub və burada da məskunlaşaraq, məşqçilk karyerasına başlayıb.

Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. Xatırladaq ki, Fabreqas 2023/2024-cü illər mövsümündən “Komo”nu çalışdırırdı. Sadəcə, ispan mütəxəssisin gərəkli məşqçilik lisenziyası yox idi. Artıq bu çatışmazlığı da aradan qaldırmış ispan mütəxəssis “Komo”nun baş məşqçisidir. Fabreqasın italyan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib. “Komo” B Seriyasının qalibi “Parma”dan (76 xal) cəmi 3 xal geri qalıb. Son 20 ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında çıxış edir.

Rəsmi fəaliyyəti dövründə Fabreqas “Komo”nu 32 oyuna çıxarıb, 10 qələbə, 8 heç-heçə, 14 məğlubiyyət yaşayıb. “Komo”nun ispan mütəxəssisin rəhbərliyi altında top fərqi isə 41:50 nisbətindədir.

İtaliya A Seriyasının 26 turundan sonra Fabreqasın “Komo”su 28 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın