Ranyeri “Yuventus”la heç-heçə haqda danışdı

“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 33-cü turunun “Yuventus”la ev oyununun nəticəsini (2:2) şərh edib.

Arena.az “Kalyari”nin mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Yuventus”la bu, heç vaxt bitmir. Təəssüf ki, biz iki qoldan yayına bilərdik: birincisi, ola bilsin ki, olmayan cərimə zərbəsindən – amma şərhləri başqalarına buraxıram; ikincisi isə itirilən topdan sonra avtoqol idi. Onun öhdəsindən daha yaxşı gəlməli idik. Bu hələ son deyil, bu gün gördüyümüz kimi, mübarizə aparıb vacib olan xırda məqamları düzəltmək gərəkdir. Bizə desələr ki, bu üç oyundan beş xal alacağıq, biz də məmnuniyyətlə razılaşardıq, ona görə də inamla irəliləyirik. Hər kəs layiq olduğunu toplayır. Biz yavaş-yavaş başladıq, son ay yarımda bərpa olduq, indi iş tamamlanmalıdır, çünki bütün Sardiniya azarkeşləri buna layiqdirlər”, deyə Ranyeri məmnunluqla bildirib.

Xatırladaq ki, “Kalyari” bu oyunda 2:0 öndə olsa da, “Yuventus” “adəti” üzrə yenə də 1 xalı xilas etməyə müyəssər olub.

33 oyundan 64 xal toplamış “Yuventus” A Seriyasının yarış cədvəlində 3-cü, “Kalyari” isə 32 xalla 13-cü pillədə qərarlaşıb. A Seriyasına 32 oyundan 83 xalla “İnter” başçılıq edir.