“Mançester Yunayted”in danimarkalı hücumçusu Rasmus Höylund komanda yoldaşı və həmyerlisi Kristian Eriksenə dəstək nümayiş etdirib.
Arena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumameyilli yarımmüdafiəçisi daha əvvəl “Mançester Yunayted”in düşərgəsində oyun praktikasının olmamasından şikayətlənmişdi.
Höylund həmyerlisinin bu narahatlığına belə reaksiya verib:
“Mən özüm “Kopenhagen”də ehtiyat oyunçular skamyasında idim, ona görə də bunun necə olduğunu bilirəm. Amma o, başını dik tutur. Eriksen əla oyunçudur, buna heç bir şübhə yoxdur. Əminəm ki, Kristian futbol oynamaq istəyir. O, yaxşı məşq edir, çox nikbin və son dərəcə faydalıdır. Eriksen əsl peşəkardır.
Yenə deyirəm, o, əla oyunçudur, ona görə də onu meydanda görmək istərdik, amma bizdə çoxlu yaxşı oyunçular var. Ona görə də oynayıb-oynamayacağına baş məşqçi qərar verməlidir”, deyə Rasmus Höylund vurğulayıb.
Kristian Eriksen “Mançester Yunayted”ə 2022-ci ilin iyulunda “Brentford”dan azad agent qismində keçib. Danimarkalı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Eriksen “qırmızı şeytanlar”ın heyətində 21 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Eriksenin “Mançester Yunayted”də ümumi statistikası isə belədir: 65 oyun, 3 qol, 12 məhsuldar ötürmə. Yarımmüdafiəçi mankunianlılarla ötən mövsüm İngiltərə Liqa Kubokunu qazanıb.
Eriksen 2010-cu ilin martında debüt etdiyi Danimarka yığmasının heyətində 126 oyuna 40 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Kristian Erikseni 10 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Eriksen 3 dəfə (2013, 2014, 2015) Danimarkada ilin futbolçusu seçilib.